CCNin verdiyi məlumata əsasən bu gecə də Christopher Streetdə Bartel adlı 23 yaşlı oğlan evində öldürülmüş tapıldı. Güllə onun düz alnının ortasına nişanlanıb. Ən maraqlısı odur ki, yüksək texnoloji videokameraların yerləşdirildiyi bu binada heç bir yad adamın olması görünmür, eyni zamanda gecə ikən bu blokda heç bir insan kameraların hədəfinə düşməmişdir. Bundan öncə də hələ də naməlum qalan bir neçə belə cinayət hadisəsi baş vermiş, ancaq aparılan ciddi araşdırmalara baxmayaraq qatilin kim olmasından hələ də heç bir xəbər yoxdur.
Nelsonun bu xəbərdən olduqca sarsıldığı üzündən məlum olurdu. Sifəti bir gün ona da növbə çatacaq qorxusundan ağappaq ağarmışdı. Ürəyində:
Bəlkə elə bu gecə, ya sabah və ya günlərin birində mənim də naməlum ölüm xəbərim kanalların, saytların, qəzet və jurnalların əsas gündəminə çevriləcək və mən də bu ölən bədbəxtlərin birindən olacağam.
O, da digərləri kimi qatilinin öz evində olmasını son anda anlayacaqdı və bu haqda kiməsə məlumat verib başqalarının həyatını xilas etməyi bacarmayacaqdı.
Nelson çox həyəcanlı olaraq çarpayıdan qalxdı və alt paltarı ilə güzgüyə yaxınlaşıb bir neçə saniyə ağarmış sifətinə baxaraq əl-üzünü yudu. Sonra yenidən yataq otağına keçib üst paltarını geyinmək istəyirdi ki, anidən atılan bir güllə ilə yerə yıxıldı. Bu güllə də düz onun alnının ortasına nişanlanmışdı.
Bir neçə dəqiqə öncə qorxu ilə düşünən beyin indi əbədi olaraq rahatlığa qovuşmuşdu.


Nyu York polis bölmələrinin demək olar hər birində bütün şəxsi heyət əl-ayağa düşmüşdü. Çünki, bu işə artıq ölkə başçısı da qarışmış, onları öz işinin öhdəsindən gələ bilməyən bacarıqsız biri kimi adlandırmışdı. Bu adi bir cinayət hadisədi deyildi. Bəlkə də Nyu York Nyu York olandan belə naməlum cinayətə rast gəlməmişdi. Nəinki Nyu York bəlkə elə dünya.

-Edvin, biz hələ bu qədər yenilməmişdik. Bu lənətə gəlmiş qatil hər kimdirsə olduqca təcrübəli, eyni zamanda da bacarıqlı biridir. Çox maraqlıdır ki, bu qədər təhlükəsizlik tədbirlərinə rəğmən o azacıq da olsa bir iz buraxmır.
-Talbert, əlbəttə, maraqlı olduğu qədər də olduqca qeyri-adi cinayətlərdir. Sanki, Nyu Yorku bir lənət bürüməkdədir. Düzdü mən mistik şeylərə inanmasam da deyəsən yavaş-yavaş…
-Nədi deyəsən sən də yavaş-yavaş mövhumata doğru gedirsən. Heç səndən gözləməzdim. Bizə bunlarımı öyrətdilər ya haqsızlığı, reallığı görüb ona qarşı mübarizə aparmağımı?
-Nə bilim Talbert təki sən deyən kimi olsun. Ancaq nəticə nə olur olsun bu zəhrimara qalmışı məhv etmək üçün çalışmalıyıq. Günahsız insanların naməlum ölümləri, göz yaşları içində qalan ailələr və Nyu Yorkumuzun bu qədər sarsılmasına daha dözə bilmirəm. Bir şeylər etmək lazım bir şeylər. Qeyri-adi görünən cinayətə qarşı bizlər də hər cəhətdən qeyri-adi dərəcədə silahlanmalıyıq.

                  ********************************

-Forester, əzizim, sənə bu gün də işlərində uğurlar arzulayıram.
-Ebba, gözəlim, bütün bu uğurlarımın səbəbkarı sənsən. Çünki, bütün sevincimdə və kədərimdə sən həmişə mənimlə olmusan və mənim sonsuz sayda dayağımsan Ebbam.
Onlar qucaqlaşıb ayrıldılar. Axı Forester nə biləydi ki, Ebbanı son dəfə görəcək. Nyu Yorku öz ağuşuna almış naməlum qətllərdən biri də məhz onun evində Canal Streetdə baş tutacaqdı.
Günorta olmasına baxmayaraq hava sərindir və Ebba mətbəxdə Demi Lovatonun Stone Cold (Soyuq daş) mahnısını dinləyərək yemək bişirir. Qeyri-adi heç nə yoxdur. Həyat öz axarı ilə davam edir. Hər zamankı kimi üzündə sevinc hiss olunur. Özünü xoşbəxt sayır. Onu dəlilər kimi sevən əri, iki balası və kompüter vasitəsi ilə kiçik biznes həyatı.

Bir neçə dəqiqə sonra hətta küçədə də eşidilən bir qadının qışqırığı. Ətraf həyəcan içində. Məlumat alan polislər dərhal mənzilə yaxınlaşırlar. Qapını çətinliklə də olsa açıb içəri daxil olurlar. Qarşılarında qan donduran mənzərə. Bir qadının alnının düz ortasına güllə ilə nişan alınıb. Bu qadın Ebba idi. Daha bir ailənin faciə dramı.

Yenə də xəbərlər bu dəhşətli qətldən danışır. Ancaq cinayətkar hələ də naməlum olaraq qalmaqda davam edir. Nə zamana kimi…

                     *********************************

Artıq Nyu Yorkda eynən bu cür qətllərin sayı on yeddi. On ikisi kişi, dördü qadın, biri isə beş yaşlı Halford.

                     **********************************

Times Square minlərlə insanın haqlı etirazına qarşı. Üsyan polislərə. Bunca nüfuzu olan Nyu York polisi bu qatilin qarşısında aciz qalıb.

Polis generalı Dalton hər nə olursa-olsun bu amansız cinayətkarın tezliklə məhv ediləcəyini üsyankarlara söz verir. Daltonun çıxışı:

Salam əziz və hörmətli bəylər və xanımlar. Bu gün milyonlarla insanla yanaşı mən də çox kədərli eyni zamanda öz vəzifə borcum qarşısında günahkaram. Çünki, hər gün baş verən bu naməlum qətllərin səbəbkarını hələ də aşkar edə bilməmişik. Bildiyimiz kimi, bu qatil digər cinayətkarlardan olduqca fərqlidir. Hər kimdirsə bu adam azacıq belə iz buraxmır və öz qurbanlarının cinsinə fərq qoymamaq bir yana, balaca, beş yaşlı Halforda belə qıyır. Demək ki, bu adam, əgər ona adam demək mümkündürsə insan qanına hərisdir və bu dəhşətinə davam etmək fikrindədir. Bütün bunlara tezliklə son qoymaq üçün biz polislər son damla qanımıza kimi mübarizə aparacağıq və sizlərin qarşısında söz veririk ki, bu cinayətkarı aşkarlayıb, lazımlı tədbirlər görəcəyik.

Amma bir şeyi də əsla unutmamalıyıq. Biz polislərlə yanaşı hər bir vətəndaş da bu işə cani-dildən yanaşmalıdır. Çünki, bu elə bir lənətdir ki, heç kəs bu qurbandan sığortalanmayıb. Hər birimiz ətrafımızda şübhəli görünən kim varsa mütləq bizə xəbər etməli və vətəndaşlıq borcunu yerinə yetirməlidir.

Sonda hər birinizi yenidən arxayın edirəm ki, az vaxta bütün bunlara son qoyulacaq və Nyu Yorkumuz yenidən rahat nəfəs alacaqdır.

                                        **********************************************

İzdihamdan ayrılanlardan biri də Maksveldir. O, polis baş leytnantıdır. İyirmi altı yaşlarında ümidverici polisdir. Fikirlidir. Gözləri uzaqları, ürəyi isə cinayətkarı gəzir. Bu naməlum qatili tapmaq üçün iddialıdır. Bir öncəki hədəf qurban olmadan öncə qurban edən məhv olmalıdır.

Central Parkda skamyaların birində düşüncələrə qərq olmuş Maksvelin ağlına anidən bir fikir gəldi. Getmək. Ölümə məhkum olunmuşların bir-bir evinə getmək ve yenidən araşdırma aparmaq. Baxmayaraq ki, Nyu York polisi bu işi çoxdan etmiş və edirdi. Nəticə isə 0.

O, artıq bir neçə qurbanın evlərində olmuş digərləri kimi heç bir izə, sübuta rast gəlməmişdi. Amma bütün bununla yanaşı iddiasından əl çəkmək istəmir sonuna kimi mübarizə aparmağı qarşısında məqsəd qoymuşdu.

                     ***************************************

İki gün keçdi. Daha iki qurban. Ölü sayısı on doqquz. Qatil heç kimə rəhm eləmir qurbanlarının sayını artırırdı. Qatillə yanaşı zaman da amansızdı, çünki, hər ötən gün özü ilə bir naməlum ölüm xəbəri gətirirdi. Bu isə hadisələri daha da qəlizləşdirildi.

                        ****************************************

Hər kəsdən fərqli olaraq Maksvel bir şeyə diqqət eləmişdi. Bütün qurbanların evində, hətta cəsəd olan otaqlara kimi, ortaq olaraq yalnız bir şey vardı. O şey ki, kimə söyləsə gülünc doğurar, onu məsxərəyə qoyub hətta ağlına belə şübhə edərlərdi.

Ancaq hər kəsin həyatında ürək sirrini açacaq biriləri olmalıdır. O, birilərindən biri də Maksvelin polis akademiyasında oxuyarkən qrup yoldaşı, baş leytnant Orlando idi.

-Hə, Orlando, sən necə mənim fikrimə necə baxırsan?i

-Fikirlərin fantastik kinolardakı ssenariyə bənzəyir. Amma, unutmayaq ki, biz real dünyada yaşayırıq.

-Orlando, onsuz da bizim itirəcək heç nəyimiz yoxdu. Gəl bir günümüzü mən deyən axtarışa ayıraq və planım üzrə hərəkət edək.

-Maksvel, bilirsən ki, sənin heç bir sözünə heç zaman yox deməmişəm və yenə də bu təkrar olunacaq.

-Çox sağ ol, əziz dostum Orlando. İnanıram ki, biz az vaxta bu lənətə gəlmiş qatili tapıb məhv edəcəyik və o zaman sən mənə bir daha daha çox inanacaqsan.


Maksvelin otağı. Orlando ilə Maksvel eyni otaqda. Otaq gizli olaraq təhlükəsizlik kameraları ilə quraşdırılıb. Sakitlikdir. Ən pessimist bir insan da iddia edə bilməz ki, burada hər hansısa bir cinayət baş verəcəkdir.

İki saat keçib. Onlar hələ də bütün otaqlarda eyni olan dəlil qarşısında iz axtarırlar və Orlando ayaq yoluna keçmək üçün Maksveldən bir dəqiqəlik zaman istəyir və Maksvel razılaşır.

Heç bir dəqiqə belə olmaz. Orlando otağa daxil olur və ürəkləri titrədəcək bir haray bütün evi öz üzərinə götürür.

-Aman ilahi!

Maksvelin düz alnının ortasına güllə nişanlanıb. Onun cəsədi qan içindədir.

Orlando ağlayır. Göz yaşları içində yıxılıb qalır.

Bir neçə dəqiqə sonra bütün bunlara baxmayaraq Orlando özündə cəsarət tapıb digər otaqda gizli olaraq quraşdırılmış təhlükəsizlik kamerasını izləyir. Gördükləri qarşısında bütün bədəni az qala quruyur, diz üstə yerə çökür və astadan:

-Sən haqlı idin Maksvel, sən haqlı idin əziz dostum. Mən sənə inanmırdım, amma sən dahisən Maksvel, sən xilaskarsan. Bağışla məni dostum, gərək səni bir dəqiqə də olsa tək buraxmayaydım. Xahiş edirəm bağışla məni, cəsədin qarşında diz çöküb yalvarıram bağışla məni Maksvel.

Amma daha olan olmuşdu. Vaxt itirmək olmazdı. İtirilən bir gün yeni bir qurban demək idi. Dostunun həyatını xilas edə bilməsə də, onlarla, bəlkə də yüzlərlə, minlərlə insanın həyatını xilas etmək olardı.

                     *****************************************

Bütün Nyu York, nəinki Nyu York, hətta dünya da şok içindədi. Bütün mətbuat, eyni zamanda əsas kanallarla yanaşı digər kanallar da bu naməlum cinayətkarın kim olduğunu, daha doğrusu nə olduğunu dünyaya bəyan edir. Polislər iş başındadır. Lənətlənmiş dəlil hər kimin evində varsa polislər vasitəsi ilə məhv edilir, yandırılır. Nyu Yorkun üzərinə çökmüş bu lənətin də sonu olmalı idi və oldu da.

                       *****************************************

New York City Police Department binası.
General Dalton çıxış üçün sözü artıq polis polkovniki olan Orlandoya verir.

Polkovnik Orlando:

-Salam əziz və hörmətli həmkarlarım. İlk olaraq söz verdiyiniz üçün general Daltona xüsusi təşəkkürümü bildirirəm. Çox danışıb dəyərli vaxtınızı almaq istəmirəm. Sadəcə mühüm olanlardan danışacağam. Əgər bu gün bizlərin üzü gülümsəyirsə, əgər bu gün insanlar yeni bir naməlum qurban xəbəri eşitməyirsə , mən də bu gün baş leytnant vəzifəsindən polkovnik vəzifəsinə ucalmışamsa və ən əsası Nyu Yorkumuz üzərindən bu lənət götürülübsə bütün bunları yalnız və yalnız bir şəxsə, o, şəxsə ki, mən onunla nəinki həmkar, eyni zamanda ürək dostu, həyat dostu olmuşam, baş leytnant , əgər yaşasa idi o indi daha böyük rütbəyə sahib olacaqdı, Maksvelə borcluyuq.(Bunları dedikcə Orlandonun gözlərindən yaşlar süzülür). Onun ruhu qarşısında baş əyir və sonsuz təşəkkürümü bildirirəm. (Bütün iştirakçıların gözləri artıq nəmlidi). Sonda dinlədiyiniz üçün hər birinizə xüsusi minnətdarlığımı bildiriəm.

                               **********************************

Nyu York Nyu York olandan bəri hələ bu dərəcədə lənətlənməmişdi. Bəs nə idi bu lənətlik. Bəs nə idi bütün evlərdə cəsədlər tapılan otaqlarda ortaq dəlil. Desəm siz də inanmayacaqsınız, amma inanmalısınız. Çünki, buna artıq bütün dünya şahiddi. Bu lənətlik dəlil sadəcə olaraq həmin otaqların divarlarından asılan əlində avtomat tutmuş bir zamanlar mövcud olan bir insanın rəsmi idi. Nyu Yorka bu lənət rəsm vasitəsi ilə gəlmişdi və bu rəsmdəki insan hər bir evə bədbəxtlik gətirmək üçün hər evdən bir nəfəri qurban seçmişdi. Bu rəsm lənətləndiyindən hər gün bir dəfə canlanır və qurbanlarının düz alnının ortasından nişan alırdı.

Nyu York polisinin araşdırmasına əsasən bu rəsmin tarixi XX əsrin ortalarına qədər gedib çıxırdı. Belə ki, ata və oğul öz aralarında baş vermiş münaqişə nəticəsində əlbəyaxa olmuş və ata sonda gənc oğlu qarşısında qol gücündə aciz qaldığı üçün oğlunu avtomatla düz alnının ortasında vuraraq qətlə yetirmiş və daha sonra cəsəd qarşısında hönkür qurub ağlamış və oğlunun əlində avtomat tutmuş vəziyyətdə şəklini çəkmişdi. Aradan illər keçdikdən sonra bu rəsm xarabalıqdan tapılmış və müəyyən sayla satışa buraxılmışdı. Yüz əlli rəsmdən qırx beşi satılmış və bütün bu rəsmlər gənc oğlanın lənətinə məruz qalaraq bu cür hadisələrin baş verməsində xüsusi rol oynamışdı. Demək ki, iyirmi qurbandan daha sonra iyirmi beş insan da məhv ediləcəkdi. Bütün lazımı tədbirlər görülüb bitəndən dərhal sonra yerdə qalan yüz beş rəsm də yandırılmış və Nyu York birdəfəlik olaraq bu lənətlik rəsmdən qurtulmuşdu.

                           12.02.2018  18/25

                                   Habil Yaşar
Paylaş
Önceki İçerikMelisa Kesmez – Nohut Oda
Sonraki İçerikDüş

CEVAP VER